"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “Qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”

--2015-06-12 / 22:41

“icra hakimiyyəti ilə bələdiyyələrin münasibətləri paralel şəkildə qurulur. Rayonun abadlaşdırılması, digər sosial-iqtisadi məsələlərlə bağlı icra hakimiyyətinin öz, bələdiyyəmizin isə öz funksiyası var”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Bakının Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib. Onun sözlərinə görə, Nəsimi rayonunda əmlak, torpaq vergisi bələdiyyələr tərəfindən toplanır: “Bu toplanmış vergidən sakinlərin sosial-iqtisadi rifah halının yaxşılaşdırılmasına, yaşıllaşdırma işləri, yolların abadlaşdırılması, bağların, parkların salınmasına sərf olunur. Hər hansı problemimiz olanda icra hakimiyyəti bizə yaxından köməklik göstərir. Bu yaxınlarda Dilarə əliyeva küçəsi, 243 ünvanından 253-cü ünvana qədər olan bir sahədə yaşıllaşdırma işləri həyata keçirmişik və orada yeraltı infrastruktur işlərindən su təchizatı sisteminin və digərləri ilə bağlı müraciətimiz əsasında həmin qurumların bu əraziyə operativ cəlb olunmasında icra hakimiyyəti bizə yaxından köməklik göstərib”.

Qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün əlavə qanuna ehtiyac olub-olmaması ilə bağlı sualı cavablandıran bələdiyyə sədri, çətinliyə rast gəlmədikləri üçün hələki hansısa qanunun qəbul edilməsindən danışmağa çətinlik çəkdiyini deyib: “Hər bir qurumun özünün səlahiyyəti var. Hər kəs öz işini yüksək vətəndaşlıq borcunu yerinə yetirməklə görür və görəcək. Lakin biz bələdiyyə olaraq, öz işlərimizi irəliyə çəkmək üçün qanunvericilikdə müəyyən dəyişikliklərin olması ilə bağlı müraciətlərimiz var. Bu əsasən vergi ödəyicilərinin vergiyə cəlb olunması ilə bağlıdır. Yəni, həm daha geniş əhatə dairəsini əldə etmək üçün edilən təkliflərdir ki, bununla bağlı qanunlara dəyişikliklər edilməlidir. Bununla bağlı, Nəsimi bələdiyyəsi olaraq, artıq müraciət etmişik”.

 N.Qaraxanov bildirib ki, Nəsimi rayonu şəhərin mərkəzi rayonlarından biri olduğuna görə, Avropa Oyunları ilə bağlı turist və idman marşrutları buradan keçir: “Həm Nəsimi bələdiyyəsi, həm də rayon icra hakimiyyəti, eləcə də sakinləmiz bu yarışların maraqla izlənməsi təmin olunub. Xüsusilə, Avropa Oyunları məşəlinin rayonumuzdan keçərkən bələdiyyə olaraq lazımi tədbirlər görməklə yanaşı, həm də iştirak etmişik.

Eyni zamanda Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyətinin müvafiq strukturları tərəfindən müşavirələr keçirilib və bələdiyyə olaraq bizdə iştirak etmişik. Bu müşavirədə qabaqcadan istiqamətlər müəyyənləşdirilmiş, hər bir qurumun funksiyası aydınlaşdırılmışdır”.

N.Qaraxanov əlavə edib ki, Nəsimi bələdiyyəsinə məxsus nesimibelediyyesi.com saytı vasitəsilə tezliklə onlayn ödəmə xidməti istifadəyə veriləcək. Onun sözlərinə görə, rayon sakinləri torpaq və əmlak vergisini onlayn şəkildə rahat ödəyə biləcək: “Eyni zamanda Səməd Vurğunla Mirqasımov küçələrinin kəsişdiyi yerdə keçmiş icra hakimiyyətinin binasında indi bələdiyyə yerləşir və binanın eyvanlarındakı dibçəklər yenilənir. Bununla biz istəyirik ki, rayonumuzda “ən gözəl eyvan” müsabiqəsini keçirək. ilin sonunda müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə müvafiq qaydada pul mükafatı təqdim ediləcək. Məqsədimizdə bununla da insanları şəhərin gözəlliyini qorumağa təşviq edək. Məhz bu addım icra hakimiyyəti ilə birgə müzakirələrin nəticəsidir.

O cümlədən gələcəkdə köhnə və sovet dönəmində istifadəyə verilmiş binaların sakinlər tərəfindən idarə edilməsi üçün sistemin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Həm icra hakimiyyəti, həm də bələdiyyə bunu birgə həyata keçirir. Çünki qanunvericilikdə icra hakimyyəti və bələdiyyələrlə bağlı istiqamətlər nəzərdə tutulub. Mənzil istismar Sahələri tərəfindən toplanan 2 qəpiklə binaları saxlamaq çox çətindir. Digər xidmət sahələrində rüsumların artmasına baxmayaraq, MiS-lərə ödəniləcək məbləğ elə 2 qəpik olaraq qalıb. Buna görə də, binaların idarə edilməsi üçün 1991-ci ildəki qiymətlər indiki qiymətlərə modifikasiya olmalıdır. Bundan sonra inventarlaşdırma aparılacaq, binalardakı bütün əskiklər aradan qaldırılandan sonra sakinlərə idarə edilməsi üçün veriləcək. Yox, əgər onlar qəbul etməzsə, qanunla nəzərdə tutulduğu kimi bələdiyyə tender yolu ilə binaların idarə edilməsini təmin edəcək”.

Bəxtiyar Məmmədli

ŞƏRHLƏR